
Qan Turalı
Erməni kitabı
“Alma” qəzetində Böyük Britaniya Müharibə və sülh araşdırmaları mərkəzinin “Qonşular layihəsi” dərc olunur.
Son nömrədə erməni jurnalist Şuşan Harutunyanın “Hər şey ədəbiyyatdır” adlı məqaləsi dərc olunub.
Məqalədə qeyd olunan bir fakta diqqətinizi çəkmək istəyirəm.
“Artıq 6 ildir ki, büdcədən ədəbiyyat nəşrinə 135 min dram vəsait ayrılır. Bu pul ilə 250-300 kitab çap olunur. Bu kitabların 85 faizi müasir ədəbiyyatdır”.
Bəli, acınacaqlı faktdır.
Təbii ki, bizim üçün.
Ermənilər üçün yox.
Bəs bizdə necədir?
İlham Əliyev latın qrafikası ilə kitabların çapı üçün 20 milyon dollar vəsait ayırmışdı.
Bu pullarla Səməd Vurğunun 5 cildliyi çap olundu.
Və bu cəmi bircə dəfə oldu.
Pul göyə sovruldu.
Sovet vaxtı dərc olunmuş kitablar naşı bir seçimlə yenidən çap edildi.
Müasir ədəbiyyata aid bircə kitab nədir, heç broşüra da çap edilmədi.
Çağdaş deyəndə 1950-lərdən bu yananı deyirəm.
Onlar hətta köhnəlsələr belə.
Özü də nəinki milli ədəbiyyat heç çağdaş dünya yazarları da bu siyahıya salınmadı.
Məqsəd kitab işinə yardım göstərməkdən çox pulu mənimsəmək idi.
İndi bir anlıq düşünün.
Bizim Ermənistandan büdcəmiz bir neçə dəfə çoxdur.
Amma ermənilər dar büdcələri hesabına ildə 300 kitab çap etdirirlər.
Biz nə edirik?
Azərbaycan hakimiyyəti elmə, ədəbiyyata düşmən olduğunu dəfələrlə sərgiləyib.
Universitet qurtaran gənci magistraturaya buraxmadan dərhal əsgərliyə göndərməklə elmə münasibətini göstərib.
Çar hökuməti zamanı Rusiyada belə qayda vardı.
Kütləvi aksiyalarda iştirak edən tələbələri əsgərliyə göndərirdilər.
O vaxtı Maksim Qorki yazırdı: Tələbələri soldatlığa vermək-əclaflıqdır, şəxsiyyət azadlığına qarşı həyasızcasına cinayətdir.
Ya da bu qədər neft pulları müqabilində universitetlər hələ də pulludur.
Təqaüdlər xeyli azdır.
Bir il əvvəl Salyanda Şəhla adlı qız pullu fakultəyə girdiyi üçün özünü öldürdü.
Bax, həmin o Şəhla hakimiyyətin təhsilə münasibətinin simvoludur.
Bəli, ermənilərin bu kitab işi məni çox məyus elədi.
Azərbaycanda ədəbiyyat sahəsində çox anormal bir vəziyyət yaranıb.
Və bu anormal vəziyyətin memarı isə bu hakimiyyətin özüdür.
Ölkədə kitab oxumaq və kitab yazmaq vərdişləri unudulur.
Kitabın yerini şou-biznes alır, idman alır.
Kanallarda kitab haqqında bir veriliş varmı?
Bir kitab müzakirə olunurmu?
Ümumiyyətlə nəsə müzakirə olunurmu?
Xalqın intellektual damarı ölür.
O nadan qısırlığa məhkum olur.
Pulunun çoxluğu ilə öyünən hakimiyyət öz varlığını qorumaq üçün hətta Azərbaycanı yüz il geriyə atmağa da qadirdir.
Bunu edib hətta.
İndi deputatlar telekanallarla bağlı müraciət hazırlayırlar.
Doğrudanmı bu deputatlar sadəlövhdürlər?
Doğrudanmı onlar telekanalların sahiblərinin kimlər olduğunu bilmirlər?
Doğrudanmı onlar telekanallara əmrin hardan gəldiyini bilmirlər?
Doğrudanmı onlar vəziyyəti dəyişmək istəyirlər?
Axı bu mümkün deyil.
Mədəniyyətə bu cür nadan yanaşma avtoritar rejimin xislətindən doğur.
Avtoritar rejim hər şeyi öz iradəsinin qanadları altına almaq istəyir.
O hətta insanların ədəbiyyat yaratmaq azadlığını da qəsb etməkdə israrlıdır.
Ermənistanda da avtoritar rejim var.
Orda da mitinqləri amansızlıqla dağıdırlar, müxalifət fəalları təqib olunur.
Amma onlar kitab işinə bir az insafla yanaşırlar.
Bizdən fərqli olaraq.