
"Azərbaycan jurnalistlərinin, yazıçılarının istedadı göz önündədir"
İngiltərənin “PEN-Club” təşkilatının nümayəndələri - yazıçılar Alev Adil və Evva Hofmanın Turana müsahibəsi - Oxucular üçün “Pen Club” haqqında məlumat verin. Bu təşkilat necə, kimlər tərəfindən yaradılıb? Kimləri birləşdirir və nə ilə məşğuldur? - İlk dəfə “Pen Club” 1921-ci ildə İngiltərədə bir qrup yazıçı tərəfindən yaradılıb. Təşkilatın yaradılmasında əsas məqsəd yazıçıları bir araya toplamaq olub. O vaxtlar yazıçılar ədəbiyyat kafelərində, klublara toplaşıb fikir mübadilələri aparırdılar. Təşkilatın yaradılmasında digər məqsəd isə söz azadlığının, yazıçı və ədiblərin müdafiəsi olub. Bu, ilkin mərhələ idi. Onu da qeyd edək ki, “Pen Club” yaradılan dövrdə Amerika və İngiltərədə senzura mövcud idi. O zamandan “Pen Club” bu fikirdə idi ki, yazıçıların istədiklərini yazmaq hüquqları var. Yavaş-yavaş “Pen Club”un fəaliyyəti böyüdü və beynəlxalq bir təşkilata çevrildi. Bu gün təşkilatımızın 104 ölkədə 145 mərkəzi fəaliyyət göstərir. “Pen Club” beynəlxaq bir qurum olandan sonra özünün bir neçə strukturlarını da formalaşdırdı. Misal üçün, həbsxanada olan jurnalsitlər, oxucular və yazıçılar, əsərləri tərcümə olunmuş yazarlar, gənc ədəbiyyatçılar və s. ““Pen Club” ədəbi məktəbdir”, desək, yanılmarıq. Bizim üçün əsas prioritet məsələ söz azadlığı, mədəni əlaqələr və təhsildir. Əslində, Bakıda da bunlar belə olmalıydı…
- Bakıya səfəriniz konkret olaraq nə ilə bağlıdır? - Sözsüz ki, əsas məqsədimiz Azərbaycanda söz azadlığının vəziyyətilə yaxından maraqlanmaqdır. Biz söz azadlığıyla bağlı buradakı vəziyyətdən narahatıq. Səfərimizin ən başlıca məqsədi vəziyyəti daha da geniş öyrənməkdir. Biz Azərbayacan ədəbiyyatı, mədəniyyəti ilə də yaxından maraqlandıq.
- Bir neçə gündür ki, Azərbaycanda görüşlər keçirirsiniz. “Pen Club”un Azərbaycandakı rəhbər və nümayəndələrilə görüşə bilmisinizmi? - Xeyir, onlarla görüşə bilməmişik. Biz onlarla əlaqə saxlamağa çalışdıq, amma onlardan cavab gəlmədi. Digər yazıçı və jurnalistlərlə görüşlərimizdən bu qənaətə gəlmişik ki, Azərbaycanda “Pen Club”un fəaliyyətindən ciddi narazıçılıq var. “Pen Club”-un öz prinsipləri var. Əgər Azərbaycanda bu prinsiplərə əməl edilmirsə, yerli “Pen Club” fəaliyyətini dayandıra bilər. Biz narahatıq ki, “Pen Club Azərbaycan” qarşıya qoyulan məqsədlərə riayət etmir. Biz istərdik onlarla görüşək, məsələləri araşdıraq. Biz yerli qurumla bir daha görüşməyə cəhd edəcəyik.
- Redaktorlar Eynulla Fətullayev, Qənimət Zahid və “Bizim Yol” qəzetinin əməkdaşı Müşviq Hüseynov hal-hazırda həbsdədir. Peşə fəaliyyətinə görə də təzyiqlə üzləşən bir sıra jurnalistlər var. Bu jurnalistləri bütün dünya müdafiə etdi, yerli “Pen Club”dan başqa. Bu barədə fikirləriniz maraqlı olardı… - “Pen” mərkəzlərinin bu tip məsələlərə münasibət bildirmək mandatı var. Bizim üçün də qaranlıqdır ki, nədən bu məsələlərə reaksiya verilməyib. Biz yerli “Pen Club”la görüşümüz zamanı bu məsələlərə aydınlıq gətirəcəyik.
- Həbsdə olan jurnalist Eynulla Fətullayev sizin təşkilatın fəxri üzvü seçilib. Bu, ölkəmizdə maraqla qarşılanıb. Bu barədə nə deyə bilərsiniz? - Biz, Eynulla Fətullayev məsələsini yaxından izləyirik. Təşkilatımız Eynulla Fətullayevi fəxri üzv seçib. Eynulla Fətullayevin məsələsi bizi narahat edir və biz bu məsələni diqqətdə saxlayacağıq. Biz dünən onun ailəsini ziyarət etdik. Bu, bizim üçün böyük şərəf idi. Çalışacağıq ki, Azərbaycandakı vəziyyəti beynəlxalq diqqətdə saxlayaq. Bunun üçün əlimizdən gələnləri edəcəyik. Eynulla Fətullayevin cəsarətini alqışlayırıq. Biz kimisə fəxri üzv seçərkən, həmin şəxsin hansı səbəblərlə həbs edilməsini geniş araşdırırıq. Sözsüz ki, Eynulla Fətullayev də azad sözə görə həbsə atılıb. Məhz bunun üçün biz onu üzv seçmişik. Eynulla Fətullayevin və başqa jurnalistlərin həbsdən azad edilməsi üçün bacardıqlarımızı edəcəyik.
- Digər görüşləriniz haqqında məlumat verərdiniz. Səfər müddətində kimlərlə görüşmüsünüz? - Səfərimiz zamanı həbsdən çıxmış jurnalist Mirzə Sakitlə görüşmüşük. Qənimət Zahidin ailəsinə baş çəkmişik. “Sənət qəzeti"nin yazarı Rafiq Tağıyla da görüşümüz olub. “Yeni Müsavat” qəzetinin fəaliyyətilə yaxından maraqlanmışıq. İngiltərə səfirliyində siyasi məsələlər üzrə müşavirilə söz azadlığıyla bağlı müzakirələr aparmışıq. Lənkəran Dövlət Universitetindən qovulmuş gənc jurnalist Pərviz Əzimovla da görüşmüşük. Hüquq müdafiəçilərilə də görüşümüz planlaşdırılır.
- Azərbaycan Yazıçılar Birliyindən kimlərlə görüşmüsünüz? - Hələlik heç kimlə… Amma Sabir Rüstəmxanlıyla görüşməyi planlaşdırırıq…
- Görüşləriniz zamanı Azərbaycanda söz azadlığının vəziyyətinin ağır olmasını hiss etdinizmi? - Keçirdiyimiz görüşlərdən başa düşdük ki, ölkədə yazıçı və jurnalistlərin ciddi narazıçılığı var. Söz azadlığının vəziyyəti də ürəkaçan deyil. “Pen Club”un siyasi baxışları yoxdur, biz yalnız və yalnız özünü ifadə azadlığına inanırıq. Bizim Azərbaycan mədəniyyətinə və insanına böyük hörmətimiz var. Bu hörmətə görə biz istəyirik ki, söz azadlığına əməl edilsin. Azərbaycan jurnalistlərinin, yazıçılarının istedadı göz önündədir. Bizlər üçün ən təsirli məqam Elmar Hüseynovun qəbrini ziyarət etmək idi. Ümid edirik ki, söz azadlığıyla bağlı vəziyyət ölkənizdə yaxşılığa doğru dəyişəcək və İngiltərə yazıçılarıyla Azərbaycan yazıçıları arasında bağlılıq güclənəcək.
- Bir neçə ay öncə Azərbaycan hökümət üzvlərindən biri jurnalistlərə müsahibəsində, İngiltərədə 90 jurnalistin həbsdə olduğunu açıqlayıb. Həqiqətən də, İngiltərədə həbsdə olan jurnalistlər Azərbaycandakından çoxdur? - İngiltərədə 90 jurnalistin həbsdə olması xəbəri həqiqətə uyğun deyil. İngiltərədə müstəqil məhkəmə var. İngiltərədəki vəziyyətlə buradakı vəziyyəti müqayisə etmək olmaz. Təbii ki, İngiltərədə də problemlər olur. Bu, hər hökümətdə var… Biz də bunların qarşısını almaq üçün çalışırıq. Söz azadlığı ümümbəşəri dəyərdir. Bunu yazıçılar, vətəndaşlar müdafiə etməlidir.
- Gələcəkdə Azərbaycana səfəriniz gözlənilir? Buradakı görüşləriniz barədə nə isə yazacaqsınız? - Təbii… Buradakı görüşlərimiz barədə geniş yazacağıq ki, problemlər öz həllini tapsın. Çalışacağıq ki, Azərbaycanla əlaqələrimizi gücləndirək. Bu səfər bizim üçün kəşf idi. Azərbaycan mədəniyyəti, ədəbiyyatı barədə bilgilərimiz xeyli artdı.
// Turan, Turxan Qarışqa