
Seymur Baycan
Əlvida Atatürk! Əgər Elçin Əfəndiyev Türkiyə haqqında yazsaydı məqalənin adını belə qoyardı: "Yaxın və uzaq Türkiyə". Siz o yazını diqqətlə oxuyacaqdınız. Heç cürə anlaya bilməyəcəkdiniz Türkiyə niyə yaxındır, niyə uzaqdır. Bu tip publisistikanın zamanı çoxdan keçib. Hər dövrün öz dili, öz janrı, öz dadı var. Bu zamana qədər bir neçə dəfə Türkiyəyə müxtəlif tədbirlərə dəvət olunmuşdum. Türkiyə heç cürə məni özünə çəkə bilmirdi. Bir müsəlman ölkəsinə getmək üçün gərək ya çox darıxasan, ya da adama yaxşı qonorar verələr. Bu dəfə çox darıxdığım zaman Türkiyədən dəvət gəldi. Türkiyəyə gedəcəyimi bilən üç adamdan fərqli münasibət eşitdim.
1. Sən İstanbulu görəcəyin zaman Türkiyənin qüdrətini hiss edəcəksən (Şahbaz Xuduoğlu).
2. Sən İstanbulu gördüyün zaman Bizansın qüdrətini hiss edəcəksən (Bəstəkar Elmir Mirzoyev).
3. Azan səsindən tez-tez narahat olacaqsan (Murad Köhnəqala).
Muradı tanıyanlara məlum olsun ki, onun sözünü ən azı yüz dəfə yumşaldaraq qəzet səhifəsinə çıxaracaq hala salmışam. Mən tarixini, ədəbiyyatını, siyasi həyatını bildiyim bir ölkəyə yad bir adam kimi qədəm basırdım. Yad bir ölkəyə gedəcəyimi bilirdim. Bakıda fəaliyyət göstərən bir türk universitetində oxumağıma baxmayaraq, içimdə bir təlatüm vardı. Bildiyim bir şeylər vardı, bildiklərimin təsdiqini görmək üçün Türkiyəyə gedirdim. Budur, sərhəddi keçirəm. Gözümə Türkiyə bayrağı sataşır. On saniyə keçməmiş azan səsi eşidirəm. Və barmağımı dişləyərək Murad Köhnəqalanın sözlərin xatırlayıram. Bu, İsanı inkar edəcəyi zaman xoruz banı eşidən Peterin vəziyyətinə bənzəyir. Murad bəyin ağlına, uzaqgörənliyinə, biliyinə bir daha heyran olub pasportuma möhür vurdurmaq üçün köşkə yaxınlaşıram. Köşkün içində bilgisayar arxasında əyləşmiş polis məmuru Orxan Gəncəbayın mahnısına qulaq asır. Arxada, növbədə dayanan adamları unudaraq polis məmuruna sual verirəm:
- Yəqin mutsuz bir eşq yaşadınız.
- Yox. Niyə?
- Orxan Gəncəbaya qulaq asırsız?
- Sadəcə.
Sərhəd hər yerdə sərhəddir. İstər ciddi, istər qeyri-ciddi bölgə olsun. Polis məmurunun köşkdə Orxan Gəncəbaya qulaq asması məni düşündürür. O isə pasportumda soyadımın olmamasına təəccüb edib, mənə sual verir:
- Soyadın niyə yoxdur?
- Yetimlər evində böyüdüm.
Məmurun sifətində mərhəmət hiss doğur. O, tez pasportuma möhür vurub məni növbədən çıxarır. Bununla da mən artıq Türkiyə haqqında əvvəllər formalaşmış qənaətimdə yanılmadığıma bir daha əmin oluram. Bir ölkəni tanımaq üçün gömrüyündə beş dəqiqə dayanmaq, vağzalında beş dəqiqə gəzişmək, ictima tualetinə girmək kifayətdir.
Rus mədəniyyəti qarşısında acizlik
Elə bir ciddi işimiz yoxdu. Gənc türk rejissorları ilə görüşməliyik. Görüşə gələn rejissorlar rus dilində danışdığımızı görən kimi rus mədəniyyətinə heyran olduqların bildirirlər. Həmən Dostoyevskidən, Çexovdan, Tarkovskidən danışırlar. Amma bir az dərinə getdiyin zaman görürsən ki, onlar Dostoyevskini heç anlamayıblar. Olsa-olsa əsərlərinin özətlərini oxuyublar. Soruşuram İncili oxumusan? Məlum olur ki, oxumayıb. İncili oxuyub anlamayan adamın Dostoyevskiylə nəfəs alıb verməsi mümkünsüzdür. Çünki İsa peyğəmbəri sevmək, İsa peyğəmbərə nifrət etmək insandan səviyyə, ədəbi-estetika tələb edir.
Gənc rejissorlar çox mənfəətpərəstdirlər. Hiss olunur ki, bu gənclər sənətə özlərini fəda etməkdən daha çox sənət adamı rolu oynamığı daha yaxşı bacarırlar. Onların sifətində yalnız bir ifadə vardı: "Mənim üçün nə edə bilərsən?". Bu görüşlərdə bir şeyi də anladım. Türkiyə vətəndaşları tarixi, ədəbiyyatı, siyasəti bilən adamları sevmirlər. Çünki sənin informasiyaların onların saçma-sapan şeylər danışmasına imkan vermir. Görüşdüyümüz gənc rejissorlar arasında bir adamla söhbətimiz tutur. Az sonra məlum olur ki, bu gənc rejissorlar solçudur. Bizim söhbətimiz daha da qızışır. Əziz Nesindən, Nazim Hikmətdən danışırıq.
Yerlilər və gəlmələr
Heç bir şəhərdə İstanbuldakı kimi yerlilərin və gəlmələrin sərt qarşıdurmasına rast gəlməmişəm. Hətta Alma-Atada belə. Bakıda tanış olduğum Murad bəy dönər yeyən bir dəstə gənci göstərib deyir: "Bunların ataları da belə idi. Özləri də belədir. Övladları da belə olacaq". Murad bəyin sözlərinə görə, heç nə dəyişməyəcək. Bilmirəm Murad bəy zarafat edir yoxsa yox, deyir ki, İstanbulun kənar məhəllələrində yaşayan adamlar üçün turist turları təşkil etmək lazımdır ki, gəlib dənizi, İstanbulun mərkəzi küçələrini görsünlər. Murad bəyə sual verirəm:
- Orxan Pamukun "İstanbul, xatirələr" əsərini oxumusan?
- Niyə oxuyum? Nə ehtiyac var? Onun yazdıqlarının hamısı gözlərimin qarşısında baş verdi.
Murad bəy çox pessimistdir: "Məncə, İstanbul daha öz yükünü çəkə bilmir. Bir gün sürüşüb dənizdə batacaq. Hər il şəhərin əhalisi 250-300 min artır. Bu şəhərdə yaşayan adamların 90 faizi İstanbula layiq deyil". Mən isə zarafatla əlavə edirəm: "Əgər 1453-cü ilə qayıda bilsəydim bizanslılar tərəfindən türklərə qarşı vuruşardım".
Yumor hissi
Yeri gəlmişkən, Zamin Hacının sözü olmasın, heç elə bil Türkiyədə Əziz Nesin kimi adam yaşamayıb. Adamlarda bir qram da yumor hissi yoxdur. Nə deyirsən ciddi qəbul edirlər. Məsələn, kafedə kofe içirdik. Ofisiant qız qarşımdan boş fincanı götürmək istədi.
- Dəymə.
- Niyə?
- Fala baxacam.
Qız fincana dəymədi. Mən daha bir fincan kofe sifariş verdim. Ofisiant kofeni gətirəndə xahiş etdi ki, onun da falına baxım.
Başqa bir misal. Mağazada rus dilində danışırıq. Satıcı soruşur:
- Siz russunuz?
- Yox.
- Bəs, niyə rus dilində danışırsız?
- Bəyəm rus dilində danışanların hamısı rusdur?
Mübahisə edirik. Mübahisə qızışır. Əgər mən adamın sözlərini bir az laqeyd qarşılamasam, yəqin mübahisə davaya çevriləcəkdi. Bir addım arxaya çəkilirəm, mübahisə bitir.
Dava etməyə həvəs
Dava etməyə həvəs yoxdu. Yeri gəlmişkən, indi Türkiyə əhli Rəcəb İvedikə baxıb özlərinə gülürlər. O adamlar gülürlər ki, onların daha çox dəyişməyə ehtiyacı var. Bir vaxtlar Kamal Sunala (Şaban) belə baxıb gülürdülər. Heç nə dəyişmədi. Hətta Kamal Sunal daha ciddi idi. Çünki onun filmlərinin bir çoxu Əziz Nesinin əsərlərinin motivləri əsasında çəkilmişdi.
Xidmət
Türkiyədə olan adamlardan yüksək xidmət haqqında çox söhbətlər eşitmişdim. Mən isə tamam başqa şeylər gördüm. Türkiyədəki xidmət müəyyən bir səviyyəyə çatmış, savadlı, mədəni insanın göstərdiyi xidmət deyil. Bu insanlara sadəcə müəyyən bir məkanda ağ köynək geyinməyi, qara qalstuk taxmağı, gülümsəməyi öyrədiblər. Adam həmin məkandan çıxdığı zaman öz təbii halına qayıdır. Bəzən isə o elə çalışdığı məkanda öz təbii halına dönür. Çox kobud müqayisədir, amma təsəvvür edin ki, bir ayıya sirkdə velisoped sürməyi öyrədiblər. Ayı arenada velesopedini sürüb qəfəsə qayıtdığı zaman yenə də öz ayılığına qayıdır. Konkret misal çəkim. Biz şəhərin mərkəzində yerləşən restoranlardan birində nahar edirdik. Yenə də rus dilində danışırdıq. Ofisiant müştərilərə, restoranın sahibinə lənətlər yağdıra-yağdıra boşqablarımıza yeməklər paylayırdı. Mən onunla qəflətən türkcə danışdım. Ofisiant dəhşətli dərəcədə tutuldu, sifəti dəyişdi. Üzr istədi. Yəqin qorxdu ki, sahibkara nəsə deyərəm işini itirər. Amma mən onu sakitləşdirdim. Dedim heç narahat olmasın... hər şey qaydasındadır.
Gülüm mənim
İbrahim Tatlısəsin bir filmi var. Adı "Gülüm mənim"dir. Çoxları baxıb. Bir yük maşını sürücüsünə burjua sinfindən qız vurulur. Guya qızın ətrafındakı insanlar arasında səmimiyyət yoxdur. Guya onların evində bişirilən yeməklər dadsızdır. Orda halallıq yoxdur. Qız İbrahimin yanında əllə yediyi yeməkləri çox sevir. İbrahim mərddir, dürüstdur. Əsl kşidir. Halalın və haramın yerini bilir. Qızın burjua sinfindən nişanlısı var. Amma Avropada təhsil almış, mədəni, səviyyəli nişanlı qız üçün maraqsızdır.
Umberto Ekonun fikrincə, ən maraqlı əsərlər ən bəsit, banal əsərlərin üzərində yaranır. "Don Kixot", "Qulliverin səyahəti" əsərləri də bəsit, banal cəngavərlik, düşük səyahətnamələrin üzərində yaranmışdı. Burjua sinfinə mənsub bir qızın yük maşını sürücüsünə vurulması minlərin, on minlərin arzusu idi. Ona görə İbrahim Tatlısəs sevildi. Sevilir. Və seviləcək. İbrahim Tatlısəs "İstanbulun daşı da, torpağı da qızıldır" deyənlər üçün amansızlıqla mübarizə aparan cəngavərdir. Onun sevilməsi təbiidir. Adamlar İbrahimin filmlərində özlərini görürdülər. Onlar xəyalən burjua sinfindən, İstanbuldan qisas alırdılar. Hətta İbrahim Tatlısəsin filmlərindən biri belə bitir. İbrahim dəniz kənarında dayanıb deyir: "Gözlə İstanbul, gəlirəm". Bu Balzakın "Qorio Ata" romanının sonluğuna bənzəyir. Romanın sonunda Rastinyak Parisə baxıb deyir: "Gözlə Paris, gəlirəm". Balzak Parisdə yaşamayan adamların "Qorio Ata" romanını başa düşməyəcəyini düşünürdü. Ona görə o, Madam Bokenin pansionatıns uzun-uzadı təsvir edir.
İstanbulda olmayan, şəhərin boz üzünü görməyən adam İstanbulu lənətləyən, İstanbulu öyən, söyən şeirləri anlamaz. Nəyə görə, İbrahim Tatlısəsi xatırladım? Ərdoğan günümüzün İbrahim Tatlısəsidir. Türkiyənin dindar, savadsız vətəndaşları Ərdoğanı seçməklə özlərinə bir qarış boy artırmalarını düşünürlər. Əgər seçkilər demokratik keçirilirsə, deməli, Ərdoğan müasir Türkiyənin simasıdır. O, cığaldır, dözümsüzdür, populistdir. Rusiyapərəstlərlə Türkiyəpərəstlərin açıq savaşa girdiyi zaman mənim üçün bu yazını yazmaq çox çətindir. Çox şeyləri boğuram içimdə.
Kibrit qutusu boyda evlərin arasında ucalan məscidləri gördükcə, hər dəfə azan səsi eşitdikcə düşünürəm. Biz din məsələsində özümüzü Türkiyədən qorumalıyıq. İranın bizə heç bir təsiri olmayacaq. İrana qarşı bizdə artıq nifrət formalaşıb. İran havayı yerə Azərbaycanda jurnallara, qəzetlərə pul xərcləyir. Xeyri yoxdur. O pullar havaya sovrulur. Əsas təhlükə Türkiyədəndir. Çünki hələ də içimizdəki romantikanı boğa bilməmişik.
Türkiyə Moskva prospektindəki (hazırkı Heydər Əliyev) evlərə bənzəyir. Evlərin yola baxan hissəsi təmir edilib rənglənsə də, o biri hissəsi çürüməkdədir. Və nəhayət... məscidləri məktəblərdən böyük ölkənin sonu yoxdur.
mia.az