«Bizdə böyük ədəbiyyat artıq yaranıb»
Günel Mövlud: «Mübariz, savadlı, müasir qadına Azərbaycanda tələbat yoxdur»- Bizdə böyük ədəbiyyatın yaranması üçün nə çatmır?- Açığı, bizim nəslin arasında «böyük ədəbiyyat» məsələsinə Zahir Əzəmət baxır. Amma bir halda ki, sual mənə ünvanlanıb, zəhmət çəkib, cavabını verə bilərəm. Əvvəla, deyim ki, sualın pessimist ruhu məni heç açmadı. Böyük ədəbiyyatı o qədər də uzaq, əlçatmaz bir şeyə çevirmək sadəlövhlük və qorxaqlıqdır. Mənsə gözünü nəhəng yazıçılar, gurultulu adlar, səsli-küylü romanlar qırmış, ağciyər gənclərdən deyiləm. İkincisi, bizdə böyük ədəbiyyat artıq yaranıb. Biz - gənc nəsil nə qədər atılıb - düşsək də, özümüzə qədərki nəsillərə nə qədər nihilistcəsinə yanaşsaq da, həqiqət həqiqətliyində qalır. Elə şeylər var ki, onları inadkarcasına danmaq uşaq şıltaqlığıdır və mən əqli inkişaf, ruh baxımından 19 yaşına təzə keçən bir gənc kimi artıq bu uşaqlığı eləmək istəmirəm... Azərbaycanda böyük mədəniyyət, o cümlədən böyük ədəbiyyat hələ bəyənmədiyimiz Sovetlər dövründən yaranmağa başlayıb. Və bu da təbii idi, çünki o vaxt bizim yazarlar ədəbiyyatın, xüsusilə, nəsrin beşiyi olan rus mədəniyyəti ilə tanış olmuş, bu mədəniyyətlə doğmalaşmışdılar. Bu doğmalaşmanın xidməti idi ki, İsa Hüseynov, Sabir Əhmədli, Əkrəm Əylisli kimi yazıçılar Azərbaycanda böyük ədəbiyyat yaradırdılar. Mən Folkner, Kafka, Markes və bir çox dünya şöhrətli yazıçıları öz qarşısında diz çökdürən rus ədəbiyyatı ilə azdan-çoxdan tanış olan bir adam kimi tam səmimi deyirəm: Əkrəm Əylisli öz əsərləri, əsərlərinin möhtəşəm ruhu, heyrətamiz dərəcədə zəngin dili, fotoqraf dəqiqliyi ilə yaratdığı təsvirləri ilə heç bir rus klassikinə uduzmur. Eyni sözləri İsa Hüseynov barədə də demək olar. Doğrudur, bu yazarlar artıq yavaş-yavaş tarixə çevrilir, odur ki, böyük ədəbiyyatın indiki vəziyyətindən danışmaq lazımdır. Bu gün böyük ədəbiyyatı nəsrdə Rafiq Tağı, Həmid Herisçi, şeirdə isə Aqşin, Həmid Herisçi yaradır. Burada mötərizə arasında bir qeyd eləyim ki, Azərbaycanda ciddi poeziya Həmid Herisçinin şeirləri ilə başlayır. Qayıdaq böyük ədəbiyyat yaradan gənclərə. Mən inanmıram ki, bu dəqiqə dünyanın hansısa bir yerində Aqşin yaşda, amma Aqşindən daha istedadlı, içi daha böyük, ruhu daha möhkəm olan bir şair yazıb-yaradır. Yaxud Elnur Astanbəyli… Elnur sazın, qoşmanın, təcnisin-müxəmmməsin təsirindən bir-iki saatlıq çıxanda çox gözəl şeirlər yazır. Nərmin Kamalın, Sevinc Pərvanənin, Zahir Əzəmətin, Şərif Ağayarın elə şeirləri var ki, onları böyük ədəbiyyat nümunələri hesab etməmək üçün adam poetik zövqdən tamamilə məhrum olmalıdır. Bizim nəslin uşaqları hətta bir sətirlə də dünya ədəbiyyatının bir parçasına çevirlə biləcək qədər istedadlıdırlar. Problemimiz isə böyük ədəbiyyat yarada bilməməkdə deyil, bu ədəbiyyatı dünyaya təqdim etməkdədir. Doğrudur, bu fikir artıq o ki var çeynə-tüpür edilib, amma neyləmək olar ki, vəziyyət məhz belədir.
- Azərbaycanda kişilərlə müqayisədə qadın yazar olmağın hansı çətinlikləri və ya üstünlükləri var?
- Ağsaqqal yazarların təbirincə desək, Azərbaycanda qadın yazar olmağın çətinliyi də var, üstünlüyü də. Amma heç biri yaradıcı qatda deyil. Çətinliyi budur ki, bizdə yaradıcılığından, işgüzarlğından asılı olmayaraq, qadının adı orda-burda hallanırsa, özü tez-tez "adam içinə" çıxırsa, yəni bir az ictimailəşirsə, bu, artıq ona məişət səviyyəsində problem yaradır. Əksər halda belə qadın ya tezcə cəmiyyətin ona yapışdırdığı "yüngül əxlaqlı" adına razı olmalı, ya da bunun qarşısını almaq, haqqında "filankəs kişi kimi qadındır" rəyini yaratmaq üçün özünü dominat, kobud aparmalıdır. Vəziyyət o yerə çatır ki, "yaradıcı qadın" və ya "ictimailəşmiş qadın" deyəndə adamın gözü qarşısına ya yavagəzən gözəlçə, ya da "xəncərli xala" gəlir. O ki qaldı yaradıcı çətinliyə, şəxsən mən cinsim qadın olduğu üçün heç bir yaradıcı çətinlik yaşamıram. Əksinə, qadın xislətcə kişidən daha incə olduğu üçün hadisələrə daha həssaslıqla yanaşa, onları daha zərif ifadə edə bilir. Qadın yazar olmağın üstünlüyünə gəlincə... Ölkədə yazı-pozuyla maraqlanan, qəzet-kitab açanların çoxunun kişi olduğunu nəzərə alsaq və azərbaycanlı kişilərin bitməz-tükənməz qadın yanğısını da bunun üstünə gəlsək, görərik ki, qadın yazar daha çox oxunur. Bu yaxınlarda solçu dostum Məmməd Süleymanov mənə dedi ki, "Alma" qəzetinin saytına baxanda, görürəm ki, ən yüksək reytinqi olan yazar sənsən. Fəxrlə dedim ki, artıq yavaş-yavaş yazmağı öyrənirəm, buna görə də çox oxuyurlar. Məmməd cavabıma güldü: "Yox, əzizim. Səni ona görə oxuyurlar ki, sən qadınsan".
- Son vaxtlar bəzi kişi yazarlar Azərbaycan qadınını aşağılayan, onu mətbəx təfəkkürlü olmaqda, bayağılıqda, qeyri-mübarizlikdə, savadsızlıqda günahlandırır. Azərbaycan qadınına münasibətdə onlar nə qədər haqlıdır? - Bunu yazanların hamısına haqq verirəm. Azərbaycan qadını mətbəx təfəkkürlüdür, bayağıdır, savadsızdır və qeyri-mübarizdir. Və onların bu mənfi xüsüsiyyətlərinin hamısı sifarişlidir. Bu sifarişi də Azərbaycan kişisinin özü verir. Guya bunları yazan kişi yazarlarının mübariz, savadlı, müasir fikirli qadına ehtiyacı var? Guya onlar öz yanlarında belə qadın görmək istəyirlər, istəsələr də, belə bir qadınla yanaşı addımlamağa hünərləri çatar? Yox, həyatım! İlk çayxana söhbəti sınağındaca kişi belə qadından vaz keçir. Təsvir elədikləri qadın tipi isə onların evlərində olan, ya da olacaq qadınlardır. Qısacası, mübariz, savadlı, müasir qadına Azərbaycanda "spros", yəni tələbat yoxdur!
- Bəziləri düşünür ki, qəzetlər yaradıcı adamı boşuna xərcləyir. Sən bunu hiss edirsənmi? Özün üçün nə qədər oxucunun olduğunu müəyyənləşdirmisənmi? Marina Svetayevanın "qəzet oxucuları boş-boşuna udqunanlardır" fikrinə münasibətin.
- Boşuna xərcləmək fikri ilə qismən razıyam. Yaradıcı adamların çoxunun gəlir yeri olmadığından pulu sözdən, yazıdan çıxarır. Bizim yazarların əksəriyyəti, mən də daxil olmaqla, bir növ "köşə istehsalçısına" çevrilmişik. Yazıları konveyer üsulu ilə yazırıq. Təbii ki, belə olanda ayda bir neçəsini istisna eləməklə, yazılar "xaltura", "başdansovdu", yaxşı halda özünütəkrar olur. Amma qəzetin oxucu kütləsinə çıxmaqda, auditoriya toplamaqda da köməyi böyük olur axı. Şeirlər yazdığıma, kitabımın nəşr olunduğuna baxmayaraq, oxucular məni daha çox publisit kimi, qəzet səhifələrindən tanıyır. O ki qaldı oxucuların sayına, digər köşə yazarlarının "var-dövlətindən" çox da fərqlənmir - 400-500 arası. Marina Svetayevanın fikrinə gəlincə, razı olmaq istəməzdim. Amma paytaxt oxucularının hər səhər köşkə hücum çəkib, üstündə yağlı qoyun şaqqası təki qırğın saldığı "Gündəlik Azərbaycan" qəzeti bağlananda oxuculuqlarının funksionallığını gördük. Bizdə oxucu oxumaqdan başqa heç nə eləmir. Təəccüblü də deyil. Yazan yazmaqdan başqa heç nə eləmirsə, oxucu da oxumaqdan başqa heç nə etməyəcək.
- Poeziyanın daşını atıb, prozaya keçən bəzi yazar yaşıdların artıq Azərbaycanda şeirin öldüyünü düşünür. Bu fikrə qatılırsanmı?- Qətiyyən. Əksinə, temp, sürət əsrində cild-cild romanlar yazmaq nəsə qeyri-ciddi bir işdi. Roman-trilogiyaların, hətta 400-500 səhifəlik bədii romanların belə zamanı çoxdan keçib. Biz kimin üçün yazırıq? Hər halda bütün yaşıdlarım iddia edəcək ki, evdə oturub, saatlarla tum çırtlaya-çırtlaya seriala baxan mətbəx qadını, Vüsal Əliyevin sevgi nəğmələrinin təsiri altında olan yelbeyin, avara cavanlar üçün deyil, müasir, savadlı, işgüzar insan üçün yazır. Bəs kimdir bu müasir insan? Elektron poçtla bir saniyəyə məktub göndərə bilən, bir dəqiqəyə qaynayan çaynikdən istifadə edən, daima qaçaqaçda, qovhaqovda olan adam. Bu adam öz hisslərinə, mütaliəsinə, daha doğrusu, əslində funksional olmayan bədii ədəbiyata da mümkün qədər az vaxt xərcləmək istəyir. Onu «Hərb və sülh» oxumağa, üç saatlıq simfoniyaya qulaq asmağa məcbur etmək uğursuzluqla nəticələnər. Bu adam üçün yazan yazar, gərək loru dildə desək dərdini tezbazar desin, cəld, qısaca izah eləsin. Buna görə də indi, sırf bədii ədəbiyyat yazmaq istəyən yazar üçün şeir daha uğurlu seçimdir. İstedadla, içlə yazılmış şeirə bəzən bir romana belə sığışmayacaq bədii informasiyanı sığışdırmaq olar. Həm də ki mən, şeirin öldüyünü deyən yaşıdlarımın səmimiyyətinə, daha doğrusu ciddiliyinə inanmıram. Ən azından ona görə ki, az qala hamısı hələ də gözəl şeirlər yazmaqda davam eləyir. Bunu kim deyibsə, yəqin zarafat eləyib.
- Özün necə, nə vaxtsa nəsrə keçmək fikrindəsənmi?- Mənim içimdə şairdən, nasirdən daha çox bir reportyor ehtirası var. Çünki sırf şair də, sırf yazıçı da xislətcə nəsə zərif, «gülməşəkər» bir şeydi, ana uşağıdı. Mənimsə belə şeylərdən ətim tökülür. Amma reportyor özünü balıqçı komasında da, elit saraylarda da eyni cür azad, rahat, sərbəst hiss eləyən, istidən yanmayıb, soyuqdan üşüməyən yazardır, Şərif Ağayar demişkən, yazarın «kəl» tipidir. Mən reportyoru ən yaxşı nasir, bədii reportajı isə nəsrin ən gözəl, ən səmimi, ən çox informasiya verən üsulu hesab eləyirəm. Romanı, povesti, hekayəni fantaziya üzərində qurmaq bir qədər yekəxanalıqdır. Abırlı yazıçı evdə oturub, nəsr yazmamalıdır. O yazacağı hadisələrin içində olmalı, təsvir edəcəyi səhnənin canlı şahidi olmalıdır. Yalnız gözlə görülən, can köynəyində yaşanan şey möhtəşəm təsvirə, maraqlı izaha, gözəl ifadəyə gələ bilər. Səmimi, cəsarətli yazıçı sənədli roman yox, bədii reportaj yazmalıdır. Buna görə də, mən elə düşünürəm ki, nəsrə artıq çoxdan keçmişəm. Yox, siz konkret olaraq, üzərinə «roman» birkası vurulmuş nəsrdən danışırsansa, məncə, buna da istedadım çatar. Amma yenə də təkrar edirəm: mənim yazar təxəyyülünün ümüdünə roman yazmaq fikrim yoxdur. Yazacağım roman yəqin ki, iri həcmli bədii reportaj olacaq. Və cavabıma yekəbaş bir iddia ilə yekun vurum: Əkrəm Əylislinin yazmağa cəhd eləyib, təəssüf ki, yarıtmadığı roman-reportaj janrını Azərbaycanda təsdiqləmək mənim təyinatımdır. Azərbaycanda məndən qat-qat istedadlı, intellektual yazar tapılar, amma içində belə güclü repotyor ehtirası olan başqa yazar yoxdu.
- Vaxtaşırı bədii tərcümələrinə rast gəlirik. Bizdə tərcümə sahəsinin indiki durumuna münasibətin?- Durum bir az məzəlidir. Tərcümə məsələsində bizim nəsil, çox təəssüf ki, əvvəlkilərə uduzur. Özü də biabırçı bir fərqlə. Mən Afaq Məsudu yaşlı nəsil tərcüməçilər arasında ən pis tərcüməçi hesab eləyirəm. Amma hətta Afaq xanımın tərcümələri belə, gənc tərcüməçilərin xidmətləri ilə müqayisədə çox abırlıdır. Bu gün hətta Afaq xanımın bərbad səviyyədə tərcümə elədiyi «Patriarxın payızı» qədər də uğurlu tərcümə yoxdur. Özü də problem tərcüməçilərmizin müraciət etdikləri orijinal dili bilməsində deyil, məhz azərbaycan dilindədir. Bizim gənc tərcüməçilərə (elə bəzi yaşlılara da) əvvəlcə Azərbaycan dilini öyrətmək lazımdır. Nə bilim, bəlkə onları da qınamaq haqsızlıqdır. Dilin özünün də problemləri var axı. Düzdü, azərbaycan dili çox zəngin dildir. Bu dilin kasadlığından danışan adamların sadəcə, Azərbaycan dilindən xəbərləri yoxdur. Amma bir problem var ki, Azərbaycan dilində sözlər bir ucdan sıradan çıxır, köhnəlir, arxaizmlərə çevrilir. Yerinə isə təzə sözlər gəlmir. Məsələn, bu dəqiqə rus dilində təzə sözlər çox sürətlə yaranır. Mən rus dilini allah qoymasa, babat bilən və babat hiss eləyən bir adam kimi, müasir rus ədəbiyyatını və ya rus dilinə çevrilən müasir əsərləri oxuyanda dalana dirənirəm. O qədər təzə sözlər var ki, lüğət, «poliqlot» belə köməyə gəlmir. Bizsə neologizmlər sarıdan bərk korluq çəkirik. Azərbaycan dilində təzə sözlər yaranmır. Məsələn, mən də daxil olmaqla, gənc tərcüməçilər bu gün rus kəlməsi olan «prokat»ın əlində əsir-yesir qalıb. Bu sözün ekvivalenti nə «icarə», nə də «kirayə»dir. Əsl ekvivalenti olan «birovuz» sözünü isə dilçi alimlərdən və 75 yaşlı nənəmdən başqa heç kim xatırlamır. Mən bu zəhrimar tərcüməni nənəmdən ötəri eləmirəm axı!? Yəni demək istəyirəm ki, dilimizin özündə də vəziyyət çətindir. Yazarlarımızda dilə təzə sözlər gətirmək bacarığı, istedadı yoxdur. Dilin öz istedadı isə təəssüf ki, artıq soğulub. Buna görə də, tərcümə sahəsini diriltmək üçün əvvəlcə azərbaycan dilinin öz problemlərinin həlli yolarını axtarmaq lazımdır. Təəssüf ki, necə axtarmaq lazım olduğunu mən bilmirəm…
- Çevrədəki yazar dostlarının hərəsini bir cümlədə xarakterizə etməli olsaydın, kimin haqqında nə yazardın?- Mənim yazar dostlarım bir cümlə ilə xarakterizə edilə bilməyəcək qədər maraqlı adamlardır. Onların arasında yazdıqları ilə də, həyat tərzləri ilə də razılaşmadığım adamlar var. Amma ümumilikdə götürəndə, belə istedadlı, maraqlı müasirlərim olduğuna görə özümü bəxti gətirmiş gənc yazar hesab eləyirəm. Və ədəbiyyatımızın gələcəyinə böyük inamla baxıram. Bu qədər istedadlı, mübariz gənclərin bir-birini tapması, belə çevrə yaratması təsadüfi deyil. Azərbaycan ədəbiyyatının tarixində maraqlı şəxsiyyətlər ola bilər, amma heç vaxt belə çevrə olmayıb. Bu çevrəni nə bizə qədər satılıq mal olan azərbaycan ədəbiyyatı, ədəbi mühiti, nə siyasi oyunlar, nə də idbar ictimaiyyətimiz xərcləyə bilməyəcək. Yazar öz nəslinin də məsuliyətini daşıyır, öz nəslinə də cavabdehdir. Və mən öz nəslinə də cavabdeh olan bir adam kimi, tam məsuliyyətlə deyirəm: bu xəmir hələ çox su aparacaq, bu uşaqlar hələ çox adamların probleminə çevriləcək, hələ çox işlər görəcəklər. Ani zəiflik, müvəqqəti çətinlik zamanı hamının ayağı sürüşə bilər, amma onların hamısının içindəki işıq, təmizlik hərləyib-fırlayıb, onları öz qəliblərinə qaytaracaq. Hətta ekstarvaqant dostlarımızın arasında öz feodal «naxışlarını» qoruyub saxlamağı bacaran Şərif Ağayar belə Yazıçılar Birliyindəki o qaramatın, murdarlığın içində öz təmizliyini saxlayacaq qədər möhkəm adamdır. Qalanları ilə bağlı ifrat ümumiləşdirməyə yol verdiyimin fərqindəyəm, amma onlar haqda ayrı-ayrılıqda danışmaq istəmirəm. Seymurun içkili, kövrək vaxtalarında tez-tez təkrar elədiyi bir ifadə var: bizim bir-birimizdən başqa heç kimimiz yoxdur. Və bizi hətta təkcə bu birləşdirirsə belə, qoy olsun.