Günel Mövlud
Aygünə şeir Aç telefonu, damarlarım ağrıyır
Aç telefonu, göy üzündə qara buludlar var
Hava soyuq, əynim nazik...
Aç telefonu, həkim qadağa qoyub "fenozepam"a
Aç telefonu, ildırım təkcə göy üzündə yox,
gözlərimin qabağında çaxır
aç telefonu, Aygün!
mən oturduğum yerdə qalıram -
dünya harasa sivişib, gedir... buraxma!
Aygün, aç telefonu.
mənim belə vaxtlarımı
Sonradan rahat təbəssümlə,
xoşbəxt günlərimi gözlərimdə yaşla
xatırlamaq vərdişim var
aç telefonu, Aygün, səni öz kədərimlə
çox yormaram.
Amma indi yadıma ən mutlu saatlar düşür -
ağlamaq istəyirəm, qoyma!
Qoyma, Aygün!
Gecələr dadsız ay doğur,
Səhərlər boyat günəş çıxır,
Üzümə ölü gün gəlir
Yanımdan acı bir həyat keçir
Yuxuma nəhəng balıqlar girir
Anamı istəyirəm, amma.... çağırma!
Əvvəllər kimisə unutmaq istəyəndə
Əhməd Qayaya qulaq asırdım
Saçlarımı kəsdirirdim
On kilo çəki artırırdım
Dostlarla görüşürdüm
Qocalıram bacı,
daha kəsilən saçlar,
kürd şairi-filan köməyə gəlmir
dostların ağrılı üzündə
nə qədər qocaldığımı görürəm
təkcə sənin üzün, Aygün, təkcə sənin üzün
günəşli yaz günü kimi açıq
süddən kəsilməmiş pişik balası qədər məmnun
səkkiz il əvvəlki kimi hələ də tər-təmizdi!
Gəl... gəl, qollarımızı açıb, gəncliyimizi qucaqlayaq
Aç telefonu, Aygün!
Sənin kimisə unutdurmaqda əvəzin yoxdu!
Şahvələd üçün silsiləKlaviatura 1Nəhəng bir kişidi bu dünya
Mən
Ona gərək deyiləm
Amma məni bu yox
Pəncərənin o tayında
Yağışın
Çirkli gölməçəsində
Əllərini yuyan
adamın
Halına baxıb
Təsəlli alacaq qədər
Gücsüz olmağım ağrıdır
Bu sərnişin avtobusunda
Anasının qucağında oturub
Əlindəki çörək dilimini
Dişsiz damağı ilə çeynəyən
Uşağın gözləri olmasaydı
Hönkürərdim
Gücüm
Gözlərimi ondan ayırmadan
Səssizcə ağlamağa çatır
Özümü
Bir körpəni belə
Qucağıma ala bilməyəcək qədər
Çirkli və günahkar saydığım bu ölkədə
Məni sevə bilmək üçün
Bircə səbəb göstərə bilsəydim sənə
Bəlkə də
Əllərini bilgisayarın
O qaramat düymələrindən ayırıb
İlan kimi mənə sarılardın
Mənsə sənin qarşında dayanıb
Həmin bir barmağımı qatlaya bilmirəm
Çünki burada
Tam xoşbəxtlik üçün
Təkcə yaxından gələn
Bir cırcırama səsinin çatışmadığı həyatı
Kimsə yaşaya bilməz
Kimsə
Bu dünya
Nəhəng bir sənsən
Mən
Sənin qarşında gücsüzəm
Klaviatura 2Sən mənə
Bir qarının
Masasının üstündəki yarımçıq limonla
Qəndqabındakı bərk konfetlərin
Gətirdiyi kədər
Ayaqlarımdakı sızıltıya
Və içimdəki zəhərə qarışdığı vaxt
Məni öldürdüyü vaxt
Gərək idin
Sən mənə
Hər gecə
Dişlərimin ovulduğu
Dəmir əllərin sümüklərimi
Qarış-qarış sındırdığı
Qırmızı şeytanın
Saçlarımı sığalladığı yuxulardan
Qan-tər içində oyandığımda
Gərək idin
Sən mənə
Ruhumu küləklərə döydürmək üçün
Qapını çırpıb
Küçəyə çıxmaq istəyəndə
Evdəki adamlardan
Küçədəki adamsızlıqdan
Qorxanda
gərək idin
Sən mənə
Dörd divar arasında hövllənib
Pəncərəni açaraq
Damda çırpınan
Çöl quşlarına
Həyətdə gəzişən
Küçə pişiklərinə
Pəncərəni örtub
Ev əşyalarına
Sığındığımda
Gərək idin
Sən mənə
Üzümü sinənə
Başımı çiyninə söykəmək üçün gərək deyildin
Sən mənə
Acı bir dərmanı udanda
Çırpına-çırpına axtardığım
Bir qurtum suya oxşadığın üçün
Gərək idin
Mən acı bir ömrü
Sənsiz udurdum
Səni indi neyləyim?
Komandante…
Klaviatura 3Günay,
O bu şəhərdə yoxdu
Mənə elə gəlir ki
Gördüyüm
Ağaclar
Otlar
Evlər
Adamlar
Heç biri özü deyil
Hər şey-sünidi Günay,
Hər kəs – özünün müqəvvasıdı
İndi gözümdə
Heç nəyin canı olmayan şəhərdə
Mən bu qoca gözlər
Bu kobud əllər
Bu yorğun bədənlə
Tək qalmağa qorxuram
Günay,
İndi gecənin
Qadın əlləri
Kişi alınlarının tərinə batdığı
Sonra
Bu duzlu ovucların öpüldüyü
Vaxtıdı
İndi
Bir siqaretə
Azacıq qızınmaq istəyi
Hesablayıb
Bir az da darıxmağını öldürmək istəsən
Bunlar azalmadan bitər
Doymadığın tüstü
Günay,
İndi o bu şəhərdə yoxdu
Səhərin bu vaxtında
Qələbələr mənasız
indi
Sevgilərin sevindirmədiyi
Xəyanətlər və polis dəyənəklərinin
Ağrıtmadığı vaxtdı…
Bir devrimin fərqinə varmaz
Mənim kimi keyimiş bu şəhər
Bir az əvvəl
Qalib bir ordu əskərinin
Məmnun yorğunluğu vardı bədənimdə
İndi
Məğlubiyyət türküsü oxuyuram
Asta səslə
İndi ona demək istədiklərimi sənə
Deyə bilirəm…
Günay,
Mən onu daha çox sevdikcə
Daha çox susmaq istəyirəm