Yeni şeirlər
Günün şeiri Sevinc Pərvanədən Ağlama dedikcəağlama dedikcə
göz yaşını sildikcə
daha möhkəm ağlayır böyüklər
ağlama dedikcə
göz yaşını sildikcə
ağlamır cocuqlar
kürəyinə vurduqca
qaçaraq su gətirəndən sonra belə
daha möhkəm hıçqırır böyüklər
inandıqca
güvəndikcə
daha çox aldadır böyüklər
daha da içdən olur cocuqlar
yaralarını sardıqca
ağrıları azaldıqca
şikayətləri bitmir böyüklərin
anında kiriyir cocuqlar
bütün inciklikləri
yaxşılıqları
pislikləri unutmur böyüklər
qisascıl olurlar
yaltaq olurlar
əvəz ödəmək canlarında
minnəti yaxın qoymaz
kin bəsləməz oysa cocuqlar
yaşlandıqca kiçilir böyüklər
böyüdükcə kiçilir cocuqlar...
***
Röyamdabu gecə ulu öndərim gəlmişdi yuxuma
belə adlandırardım onu
məktəb inşalarında ...
böyük bir izdihamın içindəydik
mən də
o da
izdihamın içindən təkcə məni səslədi, məni...
qorxma-dedi, gəl arxamca
izdihamı arxamda buraxıb getdim...
-yanlış yoldasan, qızım - dedi
xalqın
vətənin əleyhinə yazırsan
bu minvalla özünə quyu qazırsan
yanlışını görsən tərif et
pisini yaxşı deyə qələmə ver
yoxsa bir həmlədə
udar o izdiham səni
yox olarsan...
şeirlərində mədh et
qonaqpərvərliyindən
bəhs et doyunca
aşından, bozbaşından
at pis-pis fikirləri boş başından
yandırma özünü
pərvanə deyilsən...
istəsən qədrin bilinsin
ev alasan
maşın alasan
kitabların əlbəəl gəzsin sağlığında
siyasətə qarışma
qadınsan qadınlığını bil
yaydı
istirahətə get
dincəl
sentyabrda
AYO-nu tərk et
get, xoşbəxt ol, get
izdihama salam de.
Gilənarlardəniz kənarında balıqlar
meşə kənarında meyvələr
yol kənarında adamlar satılır
balıqlar dənizə
bitkilər meşəyə
insanlar torpağa bağlı
bütün bazarlarda
eyni cür can qoyur
can verir
balıqlar
bitkilər
adamlar
bütün ağrılar
bütün həzzlər eyni dozada
bax, indi dişlədiyim gilənarın qanı çırtladı üzünə
gözünü dörd açıb dinləyən, dost.
hardan biləcəksən ağrıdımı, ağrımadımı gilənarcığaz
bitkilər torpaqdan boy atır
ölür
torpağa qovuşur
toxumlar yenidən boylanır
insanlar da torpağa qovuşur
amma ölmədən öncə
toxumları cücərməli
boy atmalı
toxumları böyütmək əzabına qatlaşmalı insan
səncə, gilənar bizdən incimir ki?
toyuqların başını üzüb
çapalamaları üçün buraxırlar
içinin qanını bu gilənardakı kimi axıdırlar
bu səhnə mənə görə qorxulu
indi bu gilənar da qəfil qorxulu oldu
ucuz filmlərdə
axıdılan qanları xatırlatdı
bu yay
gilənarlar hədsiz turşdu.
Səhər yeməyisəhər-səhər yenə
skripka çalır ana
əlindəki yağ bıçağıyla
isti çörək üzərinə
ən dadlı musiqini çəkir
yağ kimi yayılır
uşaqların ürəyinə
mehriban sözləri
oxuduğu şərqinin.
Güzgüuşaq ikən
eşitmişdim
ilk dəfə gecələdiyin evdə
güzgü qoysan balıncının altına
taleyini görərsən...
kənddə olmadı imkan
gözündən kənara qoymazdı anam.
o gün ki
paytaxt adlı girdaba düşdük
baş götürüb kənddəki yoxsulluqdan
ayda bir ev dəyişdik
heç bir evə də kirayə pulu ödəmədik
güzgü mərəzə döndü
hər evdə bir ayrı gələcək gördüm amma
keçənlərdə ölmüşdüm hətta
bir dəfəsində.
***
heç kim əbədi olmayacaq həyatında
öncə nənən qocalıb öləcək
sonra atan-anan
vaxtilə sevdiyin kişilər
qadınlar
bir-bir evlənib yox olacaqlar
xəyallarını qurmaq belə yasaq olacaq
sən özün evlənəcəksən günün birində
bucağın oğul-uşaqla dolacaq
böyüyəcəklər
tərk edəcəklər
hanki səmtə
hanki yana
üz tutacaqlar bəlli deyil
sevimli rəfiqən ana olacaq
ürəyin çox darıxanda
hansısa kafenin küncünə oturanda
zəng edib çağıra bilməyəcəksən
toyuqların cücəsi ölər
toyuqlar bilməz
başı üstündə dayanarlar
səsləyərlər
eynən sənin kimi
amma ölümü dərk etməzlər
cocuqlar da ölümü dərk etməz
barışmağı bilir onlar
cocuqlar
pişiklər
toyuqlar
amma sən barışmazsan
az qala yüz il keçsə də
12 yaşındaykən itirdiyin
nənənə yanarsan
yuxularında görməyi arzularsan
hər dəfə ölüm yatağında görərsən
“happy end” lə bitər bu yuxular
gah nənən ölməz
gah da ki
xortlar
Günel Mövludahəyatımızı onlar cızdı hər zaman
ata-anamız
qonşularımız
kənddəkilər
qonşu kənddəkilər
heç nə ürəyimiz istəyən kimi olmadı
rəngli boya istədik
rəngli qələmlərlə keçindik
çantamızın üstündə
dənizçi geyimli
üç ördək şəkli olsun istədik
almadılar
qurbağa çizgili
“botularımızı” geyinmək istəmədik
amma geyindik
uzun ətəklərə paydos dedik
çox zaman uzun oldu ətəklərimiz
əmioğlumuz, bibioğlumuz oldu
ilk sevdiklərimiz
istəklərimiz heçə sayıldı
uşaq sayıldıq
bir az sonra qız...
qızbibi çağırdılar
bizimlə oynayan qonşu oğlanlarını
oynamadılar bizimlə daha
atıldıq bir az
hər şey onlar istədiyi kimi oldu
ətəklərimiz
saçlarımız uzun
dilimiz gödək
ərə getdik pis-yaxşı
uşaqlarımız oldu
saylarını belə onlar müəyyən etdi
onlar istədiyi kimi böyütdük
bu böyük fədakarlığı hamımız yapdıq
ellərin xətrinə
dəyməsin deyə.
Qırmızı dünyaöncə qırmızı bir dünya vardı
səni içinə alar
sənin içinə dolar
səni yerdən oğurlardı
havalanardız...
bir partlayış oldu
qorxdun
rəngin ağardı
üzündən yaşıl sual işarəsi boylandı
ətrafı aradın
qırmızı dünyanın enkazını buldun
sonra ağladın
qırmızı dünya istədin
mən sənə yam-yaşıl bir qucaq dünya verdim
sən inanmadın
yaşıl dünyanı buraxıb
qırmızının enkazına qoşdun
uzun bir zaman ağladın
bir yaş yarımında deyildin
kiçikdin
çox kiçikdin daha.