
Y E N İ S Ə S L Ə R
Namiq Şaman
Tək əlin alqış səsləri Bu səhər yuxudan oyananda məni qəribə bir sevinc hissinin bürüdüyünü hiss etdim.Səbəbsiz bir sevinc.Bu səhər özümü tamamilə xoşbəxt hiss edirəm və bu xoşbəxtliyə görə bir az qorxuram,bir yandan da özümə haqq qazandırıram : axı xoşbəxtlik təbii hadisədir, onun nə isə səbəbi olmamalıdır.Bu budur ey adam sevinir,xoşbəxt olur və bunun üçün heç bir səbəb belə fikirləşib axtarmır.Məgər biz sağlam olanda bunun üçün məntiqli bir səbəb axtarırıq ?
Bu gün elə bil hər gündən fərqli bir şey hiss etdim ətrafda.Ki hər kəs və hər şey böyük bir gözləmə içərisindədir.Dünya böyük bir gözləmə zalına çevrilib.Gözlənilən şeylər çoxu unudulmuş, amma gözləmə özü bir vərdişə çevrilmiş haldadır.Hamı öz gözləməsini dəlicəsinə sevib ona bağlanıb, ona vərdiş edib.Bu o qədər kütləvi bir vərdişə çevrilib ki, hətta bizim ən yaxın balaca dostlarımıza da yoluxub.
Mən səhər evdən çıxanda məhəlləmizdəki ərik ağacında oturan quşları gördüm.Onlar da gözləyirdilər.İki quş əllərində siqaret ağacın budağında süst vəziyyətdə oturub,yuxulu və heç nədən təəccüblənməyən bir sifət ifadəsi ilə ayağını ayağının üstünə aşırıb, ətrafı müşahidə edirdilər.Arabir siqaretlərini çəkir, arabir gözucu mənə baxır,bir az əsəbləşən tərzdə sanki demək istəyirlər ki nəyə baxırsan,quşun siqaret çəkməyində qəribə nə var ki ?
Başqa bir quş da ağacın bir yarpağının üstünə öz güzgüsünü qoyub yavaş-yavaş, diqqətsizcə üzünü qırxır, arabir mənə baxır,ağız-burnunu əyişdirir və öz işinə davam edirdi.
Məhəllənin girişində,darvazanın qarşısında bir neçə pişik oturub nərd oynayırlar.İkisi oyanayır, qalanları isə sakitcə oynayanlara baxır.Elə gec-gec oyanayırlar ki, adam demək istəyir onlara : sizin heç işiniz yoxdur ? Belə passiv həyat tərzi ilə necə yaşayırsınız ? Bütün günü buralarda oturusunuz,işləmirsiniz bəs evinizə kim çörək aparır ?
Onlara baxarkən təsadüfən bir restoran pişiyi ilə üz-üzə gəlirəm.Belə pişiklərə ona görə restoran pişikləri deyirəm ki, onlar o biri pişiklərdən daha kök,yağlı və tükləri daha uzun olur.Bığları isə az qalır yerə dəyə.Siçan tutmaqla heç işləri yoxdur.Üzlərindən tənbəllik yağır, elə onları sevimli edən də budur.Tənbəl və sevimli restoran pişikləri.
Onların öz oturuş tərzləri olur, pilləkanın bir pilləsində oturub o biri pilləyə bellərini söykəyirlər,ayaqlarını isə yerə sallayırlar baxmayaraq yerə dəymir balaca ayaqları.Gözləri ifadəli olur və sanki hər an sənə deyə bilər ki : Nə baxırsan,pişik görməyibsən ?
Səhərin gözü açılmamış aşağı məhəllənin itləri gəlib bizim küçədəki pivəxananın qarşısında ayaqüstü pivə içirlər.Əllərini çənələrinə qoyub elə hey gəlib gedənləri müşahidə edirlər,gözləyirlər,gözləyirlər.Soruşsan nəyi gözləyirsiniz cavab tapa bilməzlər yəqin ki.
Bax mən beləyəm özümdən belə maraqlı və gülməli karikatura tərzli hekayələr uydura bilərəm.
Amma mən də sən də o da gözləyirik.Hərəmiz bir şeyin yoxsuluyuq, hərəmiz bir şeyin acıyıq.Və bilirsən mən buna görə çox xoşbəxtəm.Nə yaxşı ki hamımız birdən tənhayıq, hamımız birdən gözləyirik, hamımız birdən bəxtsiz oluruq.Bu insanı rahatladan böyük həqiqətdir.Nə gəlirsə gəlsin, onsuz da hamımız birdən onu qarşılayacağıq.
Elə günlər olur işə gedəndə yolda yadıma düşür ki, bu gün ürəyim dənizi görmək istədi.Tez avtobusdan düşüb başqa avtobusa minirəm və düz dəniz kənarına.Adam nəyisə etməkdən həzz almırsa dərhal dayanmalıdır, dərhal həzz ala biləcəyi bir şeyi düşünüb tapmalıdır, əks halda o öz mərkəzindən uzaqlaşa bilər, həyatı zindana dönər.
Dənizə baxasan, düşünəsən, düşünəsən amma ətrafındakı adamları görməyəsən, çünki adamları görəndə, səslərini eşidəndə dərhal anlayırsan ki, sən dənizlə bir tam deyilsən, yəni təbiətin bir parçası deyilsən, əksinə cəmiyyət səni özününküləşdirib.Təkcə bir daşın üzərində oturub dənizlə üz-üzə fikirləşirəm.Dənizi müşahidə edirəm, onun bütün davranışalarını, əsəbi və çılğın günlərini, sakit, sevimli, rahat, ipək kimi olduğu vaxtlarını da xatırlayıram.Belə bir poetik fikir hər dəfə dənizə gələndə mənim ağlımdan keçir, hər dəfə xatırlayıram, bir az qəmli gəlir mənə, bir az da gülməli ki, sən demə nə vaxtsa dənizlə sahil sevgili olublarmış.Sonra onları ayırıblar.Kim ayırıbsa artıq onu bilmirəm.İndi dəniz həmişə yenidən sahilə qovuşmaq istəyir, hətta o bəzən qəzəblənib xeyli irəlləyir sahili tutur, tamamilə öz suları ilə əhatə edir amma sonradan həmin adını bilmədiyimiz qüvvə onu yenidən geriyə öz yerinə qaytarır.
Nədənsə davranış tərzlərindən mənə elə gəlir ki sahil qızdır, dənizsə oğlan və sahil artıq kiminsə başqasınındır, dənizin deyil ona görə qızlara yaraşan tərzdə davranır, yəni qərarlarında azad deyil o dənizi də sevir amma həmin o başqasından da ayrıla bilmir, dəniz onu həmişə özünə çəkir, sahil sakitcə bunu müşahidə edir, dəniz nə desə ona razı olur amma bilir ki, bu iş olmaz, dənizin öz yeri var sahilin öz yeri.Həmişə onlar bir-birlərinin ürəklərində yaşayacaqlar.Bircə böyük bir sunamini gözləməkdən başqa şansları yoxdur.Nə vaxtsa dənizdə böyük bir sunami olacaq,onda dəniz müvəqqəti də olsa sahilə bütövlüklə sahib olacaq.Sonra da gəldiyi kimi çəkilib, öz yerinə qayıdacaq.
Dənizin hər şeyi anlamış ən müdrik vaxtı ən sakit dalğasız olduğu vaxtıdır.Belə vaxtda o bütün hisslərdən sevinc və kədərdən uzaq olur.O bilmir kimi sevir və bilmir nifrət etdiyi şəxslər kimlərdir.O sadəcə hər şeyi müşahidə edir, hər şeyi bir güzgü kimi əks etdirir amma özü hadisələrdə aktiv iştrak etmir.Əgər o an dənizin üzərindən bir quş uçub getsə quşun şəkli dənizdə əks olunacaq, quş uçub gedəcək amma nə dəniz onun üçün darıxacaq, onu sonradan xatırlayacaq, nə onu yenidən geri qaytarmaq üçün cəhdlər edəcək, nə onun nə vaxtsa geri dönməsi üçün ümid edəcək, nə onun izini səthində ömürlük saxlayacaq.Sadəcə belə baş verməliymiş deyəcək, bu təbii hadisədir quş dənizin üzəri ilə uçanda onun şəkli dənizdə əks olunmaya bilməz.
Dənizin bu andakı müdrikliyinə vurulmamaq olmaz.O səndən də, məndən də ağıllıdır, anlayır ki, o keçmişə qayıda bilməz,heç xatirələrə qapılmaq da olmaz, nə də gələcək haqqında xəyal qurmaq doğru deyil.Çünki quş yaxınlıqdan uçdu, quş dənizi xatırlamır artıq o haradasa uzaqlardadır indi, allah bilir harda.Quş yenidən oradan keçməyə can atmırsa nə deməli ?
Ola bilər, tam ola bilər bu, heç nə istisna deyil ki, bəlkə o quş bu dənizin üstündən bir də keçdi yenə onun obrazı dənizdə əks olundu amma bununla heç də onlar arasında ömürluk əlaqə yaranmaz, nə isə gizli, anlaşılmaz, sirli bir şey baş verərə, amma əlaqə yaranan deyil.Mən bunu müvəqqəti gözəl bir münasibət adlandırıram, amma əlaqə yox, bu nə isə axıcı bir şey idi.Axdı getdi.
Keçmişdə şərqdə tez-tez belə hadisələr olurdu ki, hansısa varlı bir saray adamı öz yaşadığı dəbdəbəli həyatdan bezirdi və rahatlamaq, özünü dərk etmək üçün rahib olub uca Himalay dağlarında olan monastrlardan birində ömürlük yaşamağa gedirdi.O artıq saray həyatında yaşadıqlarının hamısını illərlə beynindən çıxarıb atmalı,bildiyi hər şeyi unutmalı,yenidən doğulmalıydı monastrda.
Bir dəfə də həmin keçmiş saray adamlarından biri öz yaşadığı monastrdakı buddist-dzen ustadından soruşur : Mən burada xoşbəxt ola bilmirəm , saray həyatını unuda bilmirəm nə edim ?
Ustad cavab verir : tək əlin alqış səsləri haqqında düşün,həmin səsi hiss elə,həmin səsi gör,onunla birlikdə yaşamağa çalış.
Belə məntiqsiz cavablar buddist-dzen ustadları üçün tamamilə normal idi,onlar həmişə məntiqsiz, sanki bu dünyadan olmayan sözlər deyirdilər, heç kim də onları anlamırdı.
Bu necə ola bilər : rahib öz özünə uzun müddət düşündü.Mən olmayım sən ol yerimdə. Dəliyəm nəyəm ? Necə tək əlin alqış səsi ola bilər ki onu da mən eşidəm ? Bu ustad dəli olmalıdır ya özü məni ələ salmaq üçün belə deyib.
Ustad dediyi sözün izahını həmişə tam yeddi ildən sonra verir.Yeddi il vaxt ərzində rahib tələbə onu dərk etməlidir, onu dərk etsə özünü də, həyatı da dərk edər çünki.
Yeddi il sonra ustad tələbəsini yanına çağırıb soruşur : tək əlin alqış səslərini eşitdinmi ?
Tələbə deməyə nə isə söz tapmır,sakitcə durub baxır,çünki heç nə anlamayıb.
Ustad izah edir.Sən sarayda qoyub gəldiyin çoxlu insanlar və onların sənin əhatəndə yaratdığı şən əhval-ruhiyyə üçün darıxıbsan. Sən ancaq özünü tam anlayandan sonra görəcəksən ki, insan bir dəfə bütün qarşılıqlı münasibətlərdən kənara çıxa bilər.Onda sən təklikdə xoşbəxt ola bilərsən. Təklikdə xoşbəxt ola bilən insan əsl özünəməxsusluğu ilə fərqlənən insandır. Əgər sənin xoşbəxtliyin kimdənsə ya nədənsə asılıdırsa, onda sən əsirə çevrilirsən, sən hələ azad deyilsən,hələ də qulsan.
Amma sən təklikdə xoşbəxtsənsə,onda sən tək də yaşaya bilərsən,onda sənin üçün kiminləsə saxta münasibətdə olmaq mühüm olmayacaq.Bu o demək deyil ki sən heç bir münasibətə girməyəcəksən, hətta sən çoxlu insanlarla münasibətdə olacaqsan, sən öz xoşbəxtliyini və kədərini çoxlu insanlarla bölüşəcəksən, amma heç kimdən asılı olmayacaqsan və imkan verməyəcəksən ki, kimsə səndən asılı olsun.Onda sənin həyatında azadlıq, sevinc, sevgi eyni zamanda mövcud olacaq.
16/10/2009