Abbas Atilay
2 minilliyin ortası haqqında nekroloq Başqa insanları bilmirəm, amma mən hadisələri işarələməyi sevirəm, bilərəkdən deyil, öz-özünə baş verir bu. 1-ci sinfə getdiyim günləri mənə xatırladan 89-cu il sərhədlərin dağıdılması idi. Arazın o tayından bu tayına mənim gözüm qarşısında portağalın içini oyub məktub soxub atırdılar... 1998-ci il dünya çempionatı mənə qonşumuzun evinin 1 saatda yanıb kül olmasını işarələdi. Heç vaxt yadımdan çıxmır. Çünki həmin final oyununu qonşu uşaqları bizdə baxırdı, biz Fransa-Braziliya oyununa baxarkən qonşu arvad ağlayırdı, indi də həmin final oyunundan fraqmentlər görəndə o ağlayan qadın gözlərimin qarşısında yenidən canlanır... Hər il “Son zəng” mənim üçün bir insanın intiharını xatırladır...
2000-ci illər mənim üçün xüsusi yadda qalan olacaqdı. Minilliklərin bir-birini əvəzlədiyi vaxt mən uşaqlıq şəhərimi dəyişib gənclik – qaçqınlıq şəhərimə gəlmişdim, Dövlət İdarəçilik Akademiyasına – Azərbaycanın ən reytinqli təhsil ocağında oxuyacaqdım. Sizə iki minilliyin ortasındakı zamanın dırnaqladığı yaşadığım hisslərdən danışacağam. Hansı ki, 2000-ci il deyəndə mən sizə yazmaq istədiyim bu şeyləri istəmədən xatırlayıram...
Uşaq kimi sevinirdim DİA-nın akt zalında oturanda, baxmayaraq ki, mənim gələcək tələbə yoldaşlarımın yanlarında valideynləri də var idi. Mən tək idim, amma sevincimin həddi hüdudu yox idi. DİA-a deyil, yeni həyata ayaq basmışdım elə bil, yeni insan idim. Paltarlarım ucuz olsa da təzə idi, o günlərdə “28 may” metro stansiyasının keçidində 15 min manata aldığım köynək indi də qalır. Yeni nə almışdımsa hamısını DİA üçün almışdım. Sanki yeni paltarlarla, yeni görünüşlə və yeni fikirlərlə yeni zamana girirdim.
Akt zalında ilk günümüzdə ağ saçlı bir kişi danışırdı – çox gözəl danışırdı, quş kimi uçurdum, kliniki ölüm keçirmiş insanlar kimi baxırdım kənardan özümə. İlahi, necə xoşbəxt idim, gələcəyin politoloqu olacaqdım.
Sən demə mənim tələbə yoldaşlarımın hamısı bu hissləri keçirirmiş, sonralar bunu hər il bizim ilk keçirdiyimiz hisslərimizi yeni yaşayan təzə gəncləri ələ salan tələbə yoldaşlarım bir-bir etiraf edirdi. Bizim keçirdiyimiz o ilk sevinci indi başqaları yaşayırdı. O günlərdəki sevincimizi hər sentyabrın 1-də yeni tələbələrin ütülü köynəklərində, xoşbəxt sifətlərində görürdük. Bir neçə ay onlar da uşaq kimi sevinərdi, sonra yavaş-yavaş qoşulardı bizlərə - aldadılmış və təhqir olunmuş gənclərə. Növbəti sentyabrın 1-də növbəti tələbələr gələrdi. Ağ saçlı kişi yenə bəlağətli nitq söyləyər, onlar quş kimi uçar, bir neçə aydan sonra onlar da ət maşınının dar gözlərindən tökülərdi.
O akademiyada ilk dəfə aldandığımı 2000-ci ilin 17 noyabrında yaşadım. Deyilənlərlə əməl bir bulaqdan çıxmırdı. “Demokratiya var bizim akademiyada” deyirdi ağ saçlı kişi, amma həmin gün bizi – yeni tələbələri akt zalına toplayıb sabahı keçiriləcək müxalifətin mitinqinə getməməyi tapşırırdı. O, bizə deyirdi ki, Qələbə meydanında onların adamları olacaq, bizlərdən kim orda olsaq dərhal akademiyadan uzaqlaşdırılacağıq. Biz getmişdik, amma hamımız gizlənirdik ki, bizi görən olmasın.
Beləliklə aysberq əriyir, altı üzə çıxırdı. Əvvəllər emosiyalarımız o qədər idi ki, həqiqəti görə bilmirdik. Bizə xoşbəxtlik vəd edən ağ saçlı bu kişi bizim üçün peyğəmbər idi. Ölümcül xəstəni masajla sağaltmaq olmaz, ona şok lazımdır. Bizim üçün şok terapiyası müxalifətin keçirdiyi 18 noyabr mitinqi və orda bizim axıtdığımız qorxu təri idi. Artıq şübhə edirdik hər şeyə. Şübhədir insanı həqiqətə aparan.
DİA Azərbaycan Respublikasının kiçik formasına çevrilmişdi. Hər gün saat 10:30-da ağ saçlı kişi gələn vaxt prorektorlar, dekanlar, həmin vaxt dərsdə olmayan müəllimlər və Vilhelm Rayxın dediyi digər “böyük adamın kiçik adamları” qapı ağzında onu qarşılayar və onu otağına qədər müşayiət edərdi. Bir dəfə onun arxasındakı adamları saymışdım – 11 nəfər. Xeyr, bu bizim arzu etdiyimiz təhsil ocağı ola bilməzdi.
Həmin illərdə bir idman zalı tikilmişdi, ex-prezident H. Əliyev akademiyaya gəlişi zamanı açılacaqdı. Sonra prezident vəfat etdi. İdman zalı açılmadı, eşitdiyimə görə hələ də o zal bağlıdır.
Azərbaycanda olduğu kimi mütəmadi təmir işləri aparılırdı. İnformatika müəllimimiz deyirdi ki, hansısa fond (adını demirəm) böyük məbləğdə pul ayırıb ki, Akademiyaya müasir kompüterlər alınsın. Sonralar aparılan monitorinq üzə çıxarıbmış ki, pulun 70 faizi divarlara vurulan boyalara sərf edilib. Kompüter demişkən, dövlətə siyasi və inzibati idarəçilər yetişdirən bu təhsil ocağında daim istifadə olunan cəmi 2 kompüter var idi, kitabxanada. Onlardan birinin “mışka”sı işləmirdi, o birinin isə mışkasında sol düymə qırıq idi. Ona görə “klik” etmək mümkün deyildi.
Bu akademiyanın müəllim kollektivinin hər biri öz-özlüyündə bir roman qəhrəmanı idi. Təsəvvür edin ki, orta məktəbdə fizika müəlliməsi bizə “Siyasi nəzəriyyə”, yerşünas alim “İqtisadi nəzəriyyə” dərsi deyirdi. Şəxsi münasibətlər elmi dərəcələri müəyyənləşdirirdi. Misal üçün, ağ saçlı kişi BDU-də işləyərkən ona “kömək” edən bir xanım sonra ağ saçlı kişinin akademiyaya rektor təyin edilməsindən sonra nüfuzlu tarixçi alimə çevrilmişdi. O da dərslərdə səsi gözəl olan tələbələrə mahnı oxutdurardı. O, aradabir dərsdən də danışmaq istəsəydi hamı bir-birinə “suus!” işarəsi edər, ona qulaq asardıq. Çünki bilirdik ki, onun dedikləri yenə bir lətifəyə çevriləcək. Uşaqlara müraciətlə deyir:
- “uşaqlar, bilmirsiz ayın (may ayı) 26-ı iş günüdür?”
- Sevda xanım, iş günüdür. Necə bəyəm?
- Axı 26 may “Respublika günü” deyil?
- (bir nəfər cavab verir) Sevda xanım, mayın 26-ı “Respublika günü”-dür, amma bizim üçün yox, gürcülər üçün.
Ağ saçlı kişinin kadrlarından Sadıq Səlimovu da misal çəkmək kifayət edərdi. Bu insan Sovet dövrü Quba MK-nin 1-ci katibi olmuş, ahıl yaşında isə akademiyada hüquq kafedrasının dekanı idi. Qadınlara qarşı zəifliyi ilə xüsusi ad çıxarmışdı. Hətta bir dəfə bir qız tələbəyə nəsə etməyə cəhd göstərmişdisə qızın ailəsindən bir nəfər onu akademiya yeməkxanasına enən pilləkənlərdə döymüşdü.
Müstəqillik dövrü boyu Azərbaycanın nələr yaşadığı mənim bu akademiyada 4 il gözümün qarşısında bir qısametrajlı film kimi gəlib keçdi. Bu siyasətin effekti gözümün qabağında idi. İlk illərdə müəllimlərlə baş-başa vuran tələbələr 4-cü kursun sonlarında ağ saçlı kişiyə yaltaqlıq edir, etməyənlər qorxur, tək-tük mübariz gənclər isə tədbirlərdə “küçə uşağı” damğası ilə damğalanır, camaat əl çalırdı. Həqiqətən ağ saçlı kişinin ət maşını öz işini görmüşdü.
Mənim üçün dünya insan gözlərini bir daha açmamaq şərti ilə yumarkən dağılır. İnsan ölümü bir dünyanın dağılması deməkdir. Buna görə heç vaxt xatırlamıram ki, bir insan ölümünə sevinəm. Amma ilk dəfədir ki, dünən gecə bu ağ saçlı kişinin ölüm xəbərini eşitdikdə sevindim. Çünki o, öz gözlərini yumanadək yüzlərlə insanın gözlərini kor edib. O, ola bilsin ki, bir oğlunu deputat, bir oğlunu da səfir edə bildi, amma hamı bilsin ki, o,
rəhbərlik etdiyi təhsil ocağında onlarla gəncin də ümidlərini puç elədi. Hansı ki, biz yeni dünyamıza göz açan vaxtlar, Pink Floyd oxuduğu kimi, “otlar daha yaşıl, işıqlar daha parlaq idi”. Bizim gözümüzdəki o ilk parlaq qığılcımı boğan həmin o ağ saçlı kişi oldu – Seyfəddin Qəndilov.